Azərbaycan səfiri Qazaxıstan Teleqraf Agentliyinə müsahibə verib
Astana, 10 dekabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Qazaxıstan Teleqraf Agentliyinə (KazTAg) müsahibə verib.
Səfir Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyev və Prezident Nursultan Nazarbayev tərəfindən qoyulduğunu bildirib. Diplomat son zamanlar siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrimizin daha da inkişaf etdiyini söyləyib. O, münasibətlərimizin möhkəmlənməsində prezidentlər İlham Əliyevin və Nursultan Nazarbayevin rolunu xüsusi vurğulayıb.
Səfir Qazaxıstana kənd təsərrüfatı məhsullarının və yanacağın çatdırılmasında, “Kaşağan” yatağından neftin Avropa bazarlarına daşınmasında, latın əlifbasına keçilməsində Azərbaycanın bu ölkəyə dəstək olacağını söyləyib. O, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.
Azərbaycanın Böyük İpək Yolu üzərində yerləşdiyini, Asiya və Avropa arasında vacib dəhliz olduğunu vurğulayan səfir Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Baki-Tbilisi-Qars dəmir yolu layihəsinin, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin əhəmiyyəti haqqında danışıb. Diplomat Qazaxıstanın latın əlifbasına keçməsində bir çox ölkələrlə müqayisədə Azərbaycanın təcrübəsinə üstünlük verəcəyini söyləyib.
ARDNŞ və “КазМунайГаз” arasında aparılan danışıqlar barədə suala cavabında səfir Azərbaycanın dizel yanacağının, sürtgü yağlarının idxalı üçün böyük imkanlarının olduğunu bildirib.
Prezident Nursultan Nazarbayevin Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsinə münasibətinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirən səfir deyib: “Biz Qazaxıstan xalqının və Prezidentinin dəstəyini hər zaman hiss etmişik. Nursultan Nazarbayevin sözlərində beynəlxalq normalara əsaslanan obyektivlik var idi. Hazırda Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır və ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Buna baxmayaraq biz yenə də qan tökülməsinin əleyhinəyik. Lakin necə olursa olsun, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək”.
Müsahibənin sonunda səfir qardaş Qazaxıstan xalqını qarşıdan gələn 16 dekabr - Müstəqillik Günü və Yeni il münasibətilə təbrik edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana