Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə əlaqədar Brüsseldə rəsmi ziyafət təşkil edilib
Brüssel, 26 iyun, AZƏRTAC
Silahlı Qüvvələrin yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında hərbi nümayəndəliyi tərəfindən Brüssel şəhərində rəsmi ziyafət təşkil edilib.
Tədbirdə müxtəlif dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin hərbi nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, Alyansın idarə və agentliklərinin üzvləri, Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının rəsmiləri iştirak ediblər.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin mühüm nailiyyətlərindən olan Silahlı Qüvvələrin yaradılmasının tarixçəsindən bəhs edərək, Xalq Cümhuriyyətinin dövlət quruculuğu, beynəlxalq əlaqələri, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Xalq Cümhuriyyətinin ənənə və prinsiplərinin dirçəldildiyini qeyd edən Q.Məmmədov Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında etibarlı tərəfdaş olduğunu qeyd edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında nümayəndəsi polkovnik Ağaverdi Quliyev qonaqlara Azərbaycanın hərb ənənələri, Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə ətraflı məlumat verib.
Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə videomateriallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel