Azərbaycan-Tacikistan əlaqələri ildən-ilə inkişaf edir
Düşənbə, 5 may, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Xudaberdi Xoliknazar ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin ildən-ilə inkişaf etdiyi bildirilib, yüksək səviyyəli səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Tərəflər Qafqazda və Mərkəzi Asiyada, bütövlükdə Avrasiya məkanında baş verən bir sıra mühüm iqtisadi-siyasi layihələr barədə fikir mübadiləsi aparıblar.
A.Həsənov bildirib ki, may ayında səfirliyin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçiriləcək.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb, Azərbaycan ərazisinin 20 faizinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını bildirib. O deyib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu sənədlər bu günə qədər Ermənistan tərəfdən yerinə yetirilmir. Bununla da bu işğalçı ölkə dünya birliyinə meydan oxuyur.
Tərəflər 2013-cü ildə ölkələrimizin strateji araşdırmalar mərkəzləri arasında imzalanan əməkdaşlıq haqqında sazişə uyğun olaraq bu sahədə əlaqələrin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
X. Xoliknazar mayın 7-8-də Bakıda keçiriləcək “Cənubi Qafqaz-Mərkəzi Asiya: Yeni İpək Yolu iqtisadi zona kontekstində” adlı konfransda iştirak edəcəyini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə