Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi
Bakı, 18 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 20 Yanvar hadisəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
BİTKol-dan AZƏRTAC-a bildirilib ki, kollecin direktoru Varis Allahverdiyev 20 Yanvar faciəsinin Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu söyləyib. O qeyd edib ki, 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
Direktor bildirib ki, ümummilli lider Heydər Əliyev hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında faciəni törədənləri, şəxsən SSRİ rəhbəri M.Qorbaçovu kəskin ittiham edib, qoşunların Bakıdan çıxarılmasını tələb edib. V.Allahverdiyev qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.