Azərbaycan turizm sahəsində vacib ölkələrdən birinə çevrilməkdədir
Roma, 19 noyabr (AZƏRTAC). Azərbaycan turizm sahəsində vacib ölkələrdən birinə çevrilməkdədir.
Bu sözləri İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti, Azərbaycan-İtaliya Turizm Forumunun iştirakçısı Manuela Traldi AZƏRTAC-a müsahibəsində demişdir.
Manuela Traldi Forumun Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, xüsusilə turizm sahəsində mövcud münasibətləri genişləndirmək üçün önəmli tədbirlərdən biri olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, turizmin olduqca önəmli bir sahəyə çevrildiyi bir zamanda bu istiqamətdə hər iki ölkədə əldə edilən uğurların müzakirəsi müsbət nəticələr verəcəkdir.
Azərbaycanda turizmin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan Manuela Traldi demişdir: “Hesab edirəm ki, Forum Azərbaycanın təbiət gözəlliklərini kəşf etmək və ölkələrimiz arasında qarşılıqlı turist axınını gücləndirmək, uzunmüddətli əməkdaşlığı genişləndirmək üçün yaxşı imkan yaradacaqdır”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma