AZƏRBAYCAN-TÜRKİYƏ BİZNES FORUMU
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Bakı Biznes Mərkəzində Azərbaycan və Türkiyə iş adamlarının biznes forumu keçirilmişdir.
Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Abdullah Gülü alqışlarla qarşıladılar.
Azərbaycanın iqtisadi inkişaf naziri HEYDƏR BABAYEV forumu açaraq, ali qonaqları və iş adamlarını salamladı. O, məlumat verdi ki, nazirliyin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkiyənin Ticarət və Sənaye Palataları Birliyi tərəfindən təşkil olunan bu forum ölkələrimiz arasında işgüzar əməkdaşlığın möhkəmlənməsi və genişlənməsinə kömək edəcəkdir. Nazir xüsusi vurğuladı ki, hər iki ölkə prezidentinin forumda iştirakı Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafına ən yüksək səviyyədə verilən dəstəkdir.
Azərbaycanla Türkiyə arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan H.Babayev hazırda respublikamızda 400-dən artıq türk şirkətinin fəaliyyət göstərdiyini, bu şirkətlərdə 5 min Türkiyə, 50 mindən çox Azərbaycan vətəndaşının çalışdığını bildirdi. Xatırlatdı ki, 1995-ci ildən 2006-cı ilədək Türkiyə şirkətləri Azərbaycanın qeyri-neft sektoruna 838,8 milyon ABŞ dolları həcmində sərmayə qoymuş, ölkəmizdə 1,5 milyard dollardan artıq irihəcmli podrat işləri görmüşdür. 2006-cı ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 773 milyon dollar, 2007-ci ilin yarım ili ərzində isə 550 milyon dollar təşkil etmişdir.
Türkiyə tərəfdən 200, Azərbaycan tərəfdən isə 250-dən çox rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi biznes forumunun son dövrdə iki dövlət arasında keçirilən ən böyük iqtisadi tədbir olduğu vurğulandı. Bildirildi ki, forumda Azərbaycan və Türkiyənin sosial-iqtisadi vəziyyəti, sərmayə mühiti, ticarət və biznes imkanları barədə çıxış və təqdimatlar olacaq, ikitərəfli görüşlər zamanı iş adamları əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Forumda çıxış edən Türkiyə Ticarət və Sənaye Palatalar Birliyinin sədri RİFAT HİSARCIKLIOĞLU dost və qardaş ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə Türkiyə tərəfinin xüsusi önəm verdiyini söyləyərək dedi ki, Prezident Abdullah Gülün səfəri çərçivəsində iş adamlarından ibarət böyük bir heyətin gəlməsi bunu bir daha sübut edir.
O vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan mühüm uğurlar qazanmış, Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Bu inkişaf sayəsində indi Azərbaycan iqtisadi və ticarət sahəsində Türkiyənin ən yaxın tərəfdaşlarından biridir.
Türkiyənin son illərdəki iqtisadi uğurlarından danışan qonaq bildirdi ki, ölkənin xarici ticarət dövriyyəsinin həcmi 221 milyard dolları keçmişdir. Bu nailiyyətlər iqtisadi baxımdan Türkiyəni dünyanın 17-ci, Avropanın isə 6-cı dövlətinə çevirmişdir. Türkiyə tərəfi bu potensialı azərbaycanlı qardaşları ilə paylaşmağa hazırdır.
Azərbaycan və Türkiyə prezidentləri forumun açılışında çıxış etdilər.