İQTİSADİYYAT
Azərbaycan Türkiyəyə təbii qaz ixracını artırıb
Bakı, 27 mart, AZƏRTAC
Yanvarda Türkiyə Azərbaycandan 945 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi ötən ilin dekabr ayı ilə müqayisədə 19 milyon kubmetr artıb. Azərbaycan yanvarda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (2,2 milyard kubmetr) sonra ikinci olub.
Qeyd edək ki, keçən il qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr təşkil edib.
Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 29 milyon kubmetrdir. Ötən il CQBK ilə bağlı fəaliyyətlərə təqribən 48 milyon dollar əməliyyat və 34 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).
2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 4 milyard kubmetrədək “Şahdəniz” qazı nəql edilib. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.