Azərbaycan Ümummilli Liderin ideyalarının işığında qələbədən-qələbəyə doğru inamla irəliləyir
Qazax, 12 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax rayonunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanışlıq olub.
Ümummilli Liderin anım günü münasibətilə təşkil olunmuş mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ulu Öndərin mənalı ömür yolundan, xalqı, dövləti üçün gördüyü işlərdən söz açıb. Qeyd edilib ki, Azərbaycanın bugünkü möhtəşəm uğurları Ulu Öndərin əbədi ideyalarından qaynaqlanır.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm çıxış edərək bildiriblər ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaradıb, iqtisadiyyatı dirçəldib, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atıb.