Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
Paris, 21 sentyabr, AZƏRTAC
Parisdə UNESCO-nun mənzil-qərargahında “Ümumdünya sülh, harmoniya və tolerantlıq naminə mədəniyyətlərarası və dinlərarası dialoq və təhsil” adlı Beynəlxalq Sülh Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov təmsil edib.
Konfransın açılış mərasimində UNESCO baş direktorunun müavini Xinq Qu çıxış edib və səkkiz fərqli paneldə səfirlərin, UNESCO Katibliyinin nümayəndələrinin və mövzu üzrə dəvət olunmuş digər mötəbər ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.
Səfir Anar Kərimov “Dinlərarası Dialoq: Bakı forumlarının nəticələri” mövzusunda əsas natiq qismində konfransın 8-ci panelinə dəvət olunub.
UNESCO baş direktorunun Afrika məsələləri üzrə müavini Eduard Matokonun da qoşulduğu paneldə A.Kərimov Azərbaycan Prezidentinin 2008-ci ildə irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü və onun çərçivəsindəki Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Bakı forumları, eləcə də ölkəmizin bu sahəyə göstərdiyi diqqət haqqında məlumat verib.
Səfir bu sahədə ölkəmizin UNESCO ilə əməkdaşlığı və onun perspektivlərindən danışıb.
Konfrans 3 gün davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris