Azərbaycan Universiteti Rumıniyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Universitetinin əməkdaşları Rumıniyanın İaşi şəhərində yerləşən İaşi Apollonia Universitetinin mükəmməlliyin təşviqi və gələcəyin formalaşdırılması istiqamətində təşkil etdiyi “Preparing the Future by Promoting Excellence” adlı XXXVI beynəlxalq konqres çərçivəsində keçirilən “Staff Week” tədbirində iştirak ediblər. Tədbirdə universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat və informatika kafedrasının müəllimi Lalə Rəşidova təmsil ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib. Beynəlxalq konqresdə müxtəlif ölkələrdən ali təhsil müəssisələrinin nümayəndələri, tədqiqatçılar və akademik heyət üzvləri iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, ali təhsildə innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan Universitetinin nümayəndə heyəti “Staff Week” proqramı çərçivəsində universitet haqqında təqdimatla çıxış edib. Təqdimatda universitetin beynəlxalq əlaqələri, elmi fəaliyyəti və tədris olunan ixtisaslar barədə iştirakçılara ətraflı məlumat verilib.
Universitet əməkdaşları tədbirdə, həmçinin “Süni intellekt alətlərindən istifadənin psixoloji aspektləri” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzədə süni intellekt texnologiyalarının tədris və öyrənmə prosesinə təsiri, tələbə və müəllimlərin psixoloji adaptasiyası, eləcə də rəqəmsal mühitdə etik və emosional faktorlar geniş şəkildə təhlil olunub.