AZƏRBAYCAN VƏ BELARUS HÖKUMƏTLƏRİ ARASINDA İKİTƏRƏFLİ SƏNƏDLƏR İMZALANMIŞDIR
Belarusun Baş naziri Sergey Sidorskinin Azərbaycana rəsmi səfəri çərçivəsində noyabrın 5-də Nazirlər Kabinetində bir sıra ikitərəfli sənədlər imzalanmışdır.
İmzalanma mərasimindən əvvəl iki ölkənin hökumət başçıları Artur Rasizadə ilə Sergey Sidorski arasında təkbətək danışıqlar oldu. Bundan sonra geniş tərkibdə danışıqlar və ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclası keçirildi.
Artur Rasizadə qonaqları salamlayaraq qeyd etdi ki, Azərbaycanın Baş nazirinin cari ilin martında Belarusa rəsmi səfərindən sonra keçən dövr ərzində ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi sahəsində xeyli iş görülmüşdür. Bununla yanaşı, ölkələrimizin mövcud potensialından iqtisadi əlaqələri genişləndirmək, Azərbaycan və Belarus xalqlarının rifahı naminə lazımınca istifadə edilmir. Belarus və Azərbaycan maşınqayırma, radioelektronika, hərbi sənaye və aqrar sənaye sahələrində daha fəal əməkdaşlıq edə bilərlər.
Artur Rasizadə ölkəmizdə aparılan iqtisadi islahatlardan danışaraq vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi respublikamız üçün əsas problem olaraq qalır.
Belarusun Baş naziri Sergey Sidorski ölkələrimizin münasibətlərinin perspektivlərindən söz açaraq bildirdi ki, Belarus tərəfi 2015-ci ilədək Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə dair mühüm proqram hazırlamışdır.
Komissiyanın iclasında qeyd olundu ki, cari ilin 8 ayı ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artmışdır. Hazırda Azərbaycanda Belarus kapitalının iştirakı ilə 8 müştərək müəssisə və təşkilat qeydiyyata alınmışdır.
İclas iştirakçıları bildirdilər ki, iki ölkə arasında uğurlu iqtisadi əməkdaşlıq üçün səmərəli nəqliyyat əlaqəsi yaradılmalıdır. Bu məqsədlə yaxın vaxtlarda Bakı-Minsk-Bakı marşrutu üzrə birbaşa aviareys açılacaqdır. Dəmir yol əlaqəsi yaradılması haqqında da danışıqlar aparılır.
Hər iki ölkə kənd təsərrüfatı məhsulları, o cümlədən Azərbaycandan Belarusa faraş meyvə və tərəvəz, Belarusdan Azərbaycana ərzaq malları ixracı sahəsində əməkdaşlığı fəallaşdırmaq üçün geniş imkanlara malikdir. Komissiyanın iclasında Minskdə və Bakıda ticarət evləri açılması haqqında razılaşma əldə edildi, “Çinar” Bakı soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin bazasında Belarusun “Atlant” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə məişət soyuducularının quraşdırılması üzrə müştərək müəssisə yaradılmasına dair danışıqlar aparıldı. Azərbaycanın Səhiyyə Nazirliyinə və “Belbiofarm” konserninə tövsiyə olundu ki, Azərbaycan bazarına Belarus istehsallı dərman vasitələri göndərilməsi məsələsini 2004-cü il dekabrın 20-dək işləyib hazırlasınlar. Belarus qaz, elektrik enerjisi, su istehlakının uçotu üçün Azərbaycanda məişət sayğacları istehsalının təşkilini də təklif etmişdir.
Humanitar sahədə 2005-ci ildə Belarusda Azərbaycan mədəniyyəti günləri və 2006-cı ildə Azərbaycanda Belarus mədəniyyəti günləri keçirilməsi haqqında razılaşma əldə olundu.
İclasın sonunda Azərbaycan-Belarus sənədləri imzalandı.
Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi və Azərbaycan Respublikasının və Belarus Respublikasının nümayəndə heyətlərinin danışıqları nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə qarşılıqlı tədbirlər haqqında protokolu Azərbaycan tərəfindən Baş nazir Artur Rasizadə, Belarus tərəfindən Baş nazir Sergey Sidorski imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov, Belarus tərəfindən xarici işlər nazirinin birinci müavini Vasili Puqaçov imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Belarus tərəfindən xarici işlər nazirinin birinci müavini Vasili Puqaçov imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında sənayenin müdafiə sahələri müəssisə və təşkilatlarının istehsal və elmi-texniki kooperasiyası haqqında sazişi Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Abbas Abbasov, Belarus tərəfindən Dövlət Hərbi Sənaye Komitəsinin sədri Nikolay Azamatov imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Abbas Abbasov, Belarus tərəfindən Belarus Nazirlər Soveti Aparatının rəhbəri Aleksandr Seleznyov imzaladılar.
Ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının ikinci iclasının protokolunu Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Abbas Abbasov, Belarus tərəfindən Baş nazir Sergey Sidorski imzaladılar.
X X X
Elə həmin gün Bakı Əyləncə Mərkəzində Azərbaycanın Baş naziri Artur Rasizadənin adından Belarus Respublikasının Baş naziri Sergey Sidorskinin şərəfinə ziyafət verildi.