AZƏRBAYCAN VƏ BRİTANİYA İŞ ADAMLARI BAKIDA ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Bakıda Azərbaycan və Böyük Britaniya biznesmenlərinin görüşü olmuşdur.
İngiltərənin 17 iş adamının təmsil olunduğu tədbirdə Azərbaycanla Böyük Britaniyanın Orta Şərq Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
İqtisadi inkişaf naziri Heydər Babayev demişdir ki, Azərbaycana xarici sərmayələrin axınında Böyük Britaniya üstünlük təşkil edir. İnvestisiyalar əsasən neft sektorunun payına düşür.
Bu görüşün iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyini diqqətə çatdıran nazir əlavə etmişdir ki, hazırda hökumətin qarşısında duran əsas məsələ qeyri-neft sektorunun inkişafıdır. Azərbaycan hökuməti hazırda qeyri-neft sektorunun inkişafını prioritet sahə elan etmişdir. Bununla yanaşı, Britaniya biznesmenlərinin təcrübəsi də bizim üçün çox vacibdir. Ölkədə sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Bunun nəticəsidir ki, ötən il ümumdaxili məhsul 27, qeyri-neft sektorunun inkişafı isə 11 faiz artmışdır.
Orta Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas bildirmişdir ki, Böyük Britaniyanın tanınmış şirkətlərini özündə birləşdirən bu təşkilat 1958-ci ildə yaradılmışdır. Neft, qaz, tikinti, təhsil, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının daxil olduğu assosiasiya dünyanın aparıcı ölkələrinin iş adamları ilə ildə 80-dən çox görüş keçirir.
Hazırda dünyada ticarətin 70 faizinin bu assosiasiya vasitəsilə aparıldığını deyən M.Tomas vurğulamışdır ki, təşkilata Afrika ölkələrini, Türkiyə və Rusiyanı cəlb etmişik. Xəzəryanı dövlətlərin, o cümlədən İranın da təşkilatımıza qoşulmasında maraqlıyıq.
Tədbirin sonunda Azərbaycan tərəfi ilə Böyük Britaniyanın Orta Şərq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.