AZƏRBAYCAN VƏ TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN MƏTBUAT KONFRANSI
Türkiyənin xarici işlər naziri, Baş nazirin müavini Abdullah Gül çıxışına Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığı ilə başladı. O dedi: “Azərbaycan Respublikasının və bütün türk dünyasının görkəmli dövlət xadimi Prezident Heydər Əliyevin həyatdan getməsi ilə əlaqədar Azərbaycan xalqı ilə birlikdə kədərlənirəm, bütün Azərbaycan xalqına başsağlığı verirəm”. O, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dəfn mərasimində iştirak etmək üçün ən yüksək vəzifəli şəxslərin, o cümlədən Prezident Əhməd Necdət Sezər və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlmələrini xatırlatdı.
A.Gül səfərin birinci günü Fəxri xiyabanda dahi öndərin məzarını ziyarət etdiyini bildirərək dedi ki, türk dünyası hörmətli və sevimli dövlət xadimini itirdi.
Türkiyə XİN-in başçısı Azərbaycana səfərinin məqsədi barədə jurnalistlərin suallarına cavab verərək bildirdi ki, keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Cənab Abdullah Gül Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunaraq dedi ki, Ankara Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında qalmasından narahatdır. Azərbaycan torpaqları erməni işğalından azad edilməyincə, Türkiyə-Ermənistan sərhədinin açılmasına dair hər hansı danışıqlar aparılmasından söhbət belə gedə bilməz.
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev türkiyəli həmkarının Bakıya səfərinin birinci gününün yekunlarından danışaraq, keçirilmiş görüşlərin “məzmunlu və səmərəli” olduğunu söylədi. O dedi: “Bu, cənab Abdullah Gülün ölkəmizə ilk səfəridir və ürəkdən şadam ki, nəhayət, onunla Azərbaycan torpağında, görüşmək imkanım oldu”.
Vilayət Quliyev bildirdi ki, səfərin birinci günü həm beynəlxalq, həm də regional xarakterli bir sıra məsələlər müzakirə olunmuşdur. Türkiyə və Azərbaycan siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri dönmədən inkişaf etdirməlidir.
XİN başçıları bildirdilər ki, danışıqlar zamanı digər məsələlərlə yanaşı, NATO-nun bu yay İstanbulda keçiriləcək növbəti zirvə toplantısı ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.