Azərbaycan Xorvatiyada keçirilən “ViroExpo-2014” sərgisində təmsil olunmuşdur
Buxarest, 24 yanvar (AZƏRTAC). Yanvarın 24-dən 26-dək Xorvatiyanın Virovitiça şəhərində ölkənin İqtisadiyyat, Turizm, Regional İnkişaf və Avropa İttifaqı fondları nazirliklərinin birgə dəstəyi ilə şirkət, sənət və kənd təsərrüfatı yarmarkası - “ViroExpo -2014” keçirilir.
Ümumilikdə 700-dən çox şirkətin iştirakı ilə keçirilən sərginin ilk günündə Xorvatiya Respublikasında akkreditə olunmuş 20-dən artıq ölkənin, o cümlədən Azərbaycan Respublikasının səfirliyi iştirak etmişdir. “ViroExpo -2014” sərgisi tərəfindən Azərbaycan üçün ayrılmış stenddə milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, Azərbaycan xalçaları barədə nəşrlər, “Azərbaycan ixrac kataloqu- 2013”, ölkəmiz haqqında xorvat dilinə tərcümə olunmuş kitabçalar, “ADA” Universiteti proqramları, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair materiallar nümayiş etdirilmiş və təqdim olunmuşdur.
Sərgi boyu Azərbaycandan bəhs edən videofilmlər göstərilmiş, Azərbaycan şirniyyatları paylanmışdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest