Azərbaycan XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Bakı, 18 mart, AZƏRTAC
XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində Azərbaycan öz milli kitab stendi ilə iştirak edir.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sərgi çərçivəsində təşkil olunan təqdimat tədbirində M. Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Fuad İbrahimov çıxış edərək ölkəmizin zəngin ədəbi irsi, mədəniyyəti və kitab sənayesinin inkişafı barədə məlumat verib.
Təqdimat zamanı Azərbaycan haqqında ətraflı videoçarx nümayiş olunub, həmçinin milli mədəniyyətimizi əks etdirən bir neçə rəqs nümunəsi təqdim edilib.
Sərgi martın 22-dək davam edəcək.
Qeyd edək ki, beynəlxalq sərgi müxtəlif ölkələrin nəşriyyatlarını, müəlliflərini və oxucularını bir araya gətirərək mədəni mübadiləyə və ədəbiyyatın təşviqinə mühüm töhfə verir.