Azərbaycanda azsaylı xalqlar özlərini böyük və səmimi ailənin ayrılmaz hissəsi hesab edirlər
Bakı, 13 aprel, AZƏRTAC
Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında “Azərbaycan Prezidenti xalqın birliyi haqqında” sərlövhəli material yerləşdirilib. Materialda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ölkənin pravoslav icmasına müraciətindən bu sözlər sitat gətirilir: “Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar”.
Materialda daha sonra Azərbaycan dövlətinin başçısının həmin müraciətinə istinadən göstərilir ki, Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir. Respublikada bütün milli və dini azlıqlar millətlərarası və dinlərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.
YXA bildirir ki, rəsmi məlumata görə hazırda Azərbaycanda milli və dini azlıqlar ölkə əhalisinin 10 faizindən azdır.
Lakin, tanınmış yəhudi tarixçisi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun aparıcı elmi işçisi Moşe Bekkerin Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində vurğuladığı kimi, “həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı yəhudilərə, ruslara, talışlara, tatarlara və Azərbaycanda yaşayan digər azsaylı xalqlara hörmət və qayğı ilə yanaşır. Bircə nümunə göstərim - hər bir xalqın mədəniyyətinin özəyi, mənəvi və dini dəyərlərin daşıyıcısı olan milli dillər. Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət ölkədəki azsaylı xalqların nümayəndələrinin danışdığı dillərdən sərbəst istifadə olunmasını və inkişafını təmin edir.
Azərbaycanın hər bir vətəndaşı öz ana dilindən istifadə etmək, həmin dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququna malikdir”.
Avropa Şurasının İrqçiliyə və dözülməzliyə qarşı mübarizə üzrə Komissiyasının məruzəsində göstərilən məlumatlara görə, Azərbaycanda yaşayan milli azlıqların yığcam şəkildə yaşadığı regionlarda həmin azlıqların dilləri dövlət məktəblərində öyrədilir. Moşe Bekker YXA-ya müsahibəsində qeyd edib ki, Azərbaycanda yəhudi məktəbləri də vardır.
Moşe Bekker deyib: “Qanunauyğun haldır ki, Azərbaycanda yaşayan azsaylı xalqlar dövlət yaradan etnosla bərabər hüquq və vəzifələrə malik olmaqla, özlərini xalqların böyük və səmimi ailəsinin ayrılmaz hissəsi kimi hiss edirlər”.