Azərbaycanda bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi üzrə yeni təhsil proqramı hazırlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycanda bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.
Əli Nağıyev qeyd edib ki, yeni proqram Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə, ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssisləri cəlb etməklə, Türkiyə, Almaniya, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb.
“İnformasiya texnologiyalarının davamlı təkamülü, informasiyanın və informasiya sistemlərinin qloballaşması dövlətin və cəmiyyətin tərəqqisinə xidmət edən mühüm vasitəyə çevrilib. Azərbaycanda da informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli üçün müvafiq informasiya infrastrukturları yaradılmaqdadır. Bu kimi infrastrukturların bir tərəfdən internet və xüsusilə bulud xidmətlərindən istifadəsi zəruridir, digər tərəfdən qlobal informasiya şəbəkələrinə, o cümlədən internet şəbəkəsinə daxil edilməsi infrastruktur obyektlərinin kiberhücumların hədəfinə çevrilməsinə səbəb olur”, - deyə Ə.Nağıyev qeyd edib.
DTX rəisi bildirib ki, Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi üçün keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri xüsusi əhəmiyyətə malikdir:
“Kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin bir araya gəlib fikir mübadiləsi aparması, özəl və dövlət sektor arasında əlaqələrin qurulması və bu tip tədbirlərin mütəmadi olaraq keçirilməsi milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasında xüsusi rol oynayır. Kiberhücumların simulyasiyası ilə keçiriləcək kibermüharibə yarışının iştirakçılarına uğurlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram”.