Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu Ulu Öndərin adı ilə sıx bağlıdır
Bakı, 12 dekabr, Samirə Quliyeva, AZƏRTAC
Dahi şəxsiyyət, müdrik insan Heydər Əliyev ölkəmizdə sivil, demokratik, hüquqi dövlətin banisi və qurucusu kimi hər bir azərbaycanlının qəlbində əbədi məskən salıb.
Bu sözləri Ümummilli Liderin ruhu qarşısında mənəvi borcunu yerinə yetirmək üçün Fəxri xiyabana gələn “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquq şöbəsinin rəisi Xalid Səfərəliyev AZƏRTAC-a müsahibəsində deyib.
X.Səfərəliyev bildirib ki, belə bir rəhbər, dahi şəxsiyyət yüz ildə bir dəfə dünyaya gəlir. İctimai-siyasi fəaliyyəti, müstəsna xidmətləri ilə xalqımızın yaddaşına əbədi köçmüş Ulu Öndər haqqında saatlarla danışmaq mümkündür. Dahi şəxsiyyətin böyük əməyi və yorulmaz fəaliyyəti sayəsində respublikamız dünyanın ən gözəl və inkişaf etmiş ölkələrindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik bərqərar olub, atəşkəs əldə edilib, irimiqyaslı iqtisadi islahatlara başlanılıb, xalqın həyat səviyyəsi yüksəlib. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız işıqlı gələcəyə doğru gedir.