Azərbaycanda kulinariya sahəsində strategiya sənədi hazırlanacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycanda kulinariya sahəsində strategiya sənədinin hazırlanması istiqamətində işlər aparılır. Məqsəd turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Milli Kulinariya Konqresində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Agentliyin tabeliyindəki Milli Kulinariya Mərkəzinin bu günə qədər milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər gördüyünü söyləyən F.Nağıyev bildirib ki, mərkəzin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb edib onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğatı artırmaq, milli mətbəx irsinin tədqiqini, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir: “Ölkəyə gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsullarımız var. Azərbaycanın “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensiala malikdir. Təbiətimiz zəngindir. Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur".