Azərbaycanda Qadınların Milli Biznes Gündəliyi platforması yaradılıb
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq Qadınların Milli Biznes Gündəliyi (QMBG) platforması yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar iyunun 30-da USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunan zirvə görüşündə qəbul olunub.
Tədbirdə qadınların idarəçiliyinə və iqtisadi həyatdakı iştirakına mane olan hüquqi-ictimai baryerlərin azaldılmasına çalışan oxşar fikirli təşkilatların nümayəndələri iştirak ediblər.
QMBG özəl sektor platforması olaraq kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.
Panel müzakirələri zamanı çıxış edənlər qadınların məşğulluq məsələlərinə daha çox önəm verildiyini vurğulayıblar. Bildirilər ki, əsasən həssas təbəqədən olan qadınlara üstünlük verilir.
Bu təşəbbüsün cəmiyyətdə ictimai-siyasi mövqeyindən asılı olmayaraq, bütün qadınlar arasında sağlam və dayanıqlı kommunikasiyanın formalaşmasına töhfə verəcəyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, BMT-nin İnkişaf Proqramı ilə birlikdə qadınlarla bağlı yeni layihə həyata keçirilir. Layihə çərçivəsində əlilliyi olan qadınların əmək bazarına cəlb edilməsi, onların məşğulluğunun artırılması istiqamətində işlər görülür.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, USAID-in Özəl Sektorun inkişafı layihəsinin (2019-2024) məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artırmaq, sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaq, özəl sektorun rəqabətliliyini və biznes xidməti təminatçılarının potensialını gücləndirmək , eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafına mane olan halları aradan qaldırmaqdır. Qeyd edilib ki, qadınların iqtisadi fəaliyyətinə cəlb olunması layihənin diqqət mərkəzində duran əsas təşəbbüslərdən biridir.
QMBG Azərbaycanda ilk dəfə olaraq qadın sahibkarlığının inkişafını dəstəkləyən və təşviq edən geniş platformadır.