Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında Ümummilli Liderin xidmətləri əvəzsizdir
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Vətəndaş cəmiyyəti bundan sonrakı inkişafına görə hər zaman Ümummilli Liderə borcludur.
Bu sözləri Ulu Öndərin ruhu qarşısında mənəvi borcunu yerinə yetirmək üçün Fəxri xiyabana gələn Milli QHT Forumunun prezidenti Rauf Zeyni söyləyib.
R.Zeyni bildirib ki, Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmləndi, ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edildi, xalqın birliyi təmin olundu, vətəndaş müharibəsinin qarşısı alındı və dövlətimiz məhv olmaq təhlükəsindən xilas oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və ölkəmizin dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir.
R.Zeyni vurğulayıb ki, biz daim Ulu Öndərin zəngin irsini öyrənməli, araşdırmalı və təbliğ etməliyik.