Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir
Bakı, 22 iyun, AZƏRTAC
Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Təkcə son günlər qeyd edilən istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi və bir gün sonra Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə gəlişi həm ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi, həm də dünyaya ünvanlanan mesajlar baxımından xüsusi diqqət çəkir. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə, həmçinin Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının nümunəsini gördü. Azərbaycanın küçə və meydanlarında üç dost ölkənin bayraqları birgə dalğalandı və bu gün də dalğalanır. Bu qardaşlıq telləri tarixi Zəfərimizdən sonra daha da möhkəmləndi. Belə ki, 2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə müttəfiqliyini rəsmiləşdirən Şuşa Bəyannaməsinin ardınca həmin ilin iyul ayında Bakı Bəyannaməsi imzalandı. Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin Bakıda bir araya gəlməsi və bu birliyi təsdiqləyən sənədin imzalanması özündə bütün məqamları ehtiva edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər də iki dost ölkənin münasibətlərinin dünəninin, həmçinin qarşıdakı dövrün hədəflərinin aydın mənzərəsini yaratdı. Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Pakistan Ermənistanla torpaqlarımızı işğal etdiyinə görə diplomatik münasibətlər qurmayan ölkədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
O qeyd edib ki, ölkəmizin inkişafı, tərəqqisi Pakistanın Baş nazirində dərin təəssürat yaratdı və gördüyü reallıqları İlham Əliyevin liderliyinin və bu illər ərzində göstərdiyi dinamik səylərin göstəricisi kimi dəyərləndirdi: “Baş nazir Məhəmməd Şahbaz Şərif bildirdi ki, Bakını dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə etmək mümkündür. Ölkəmizin şəhərsalma və yaşıllaşdırma sahəsində təcrübəsi təqdir edildi. Paytaxt Bakının timsalında Azərbaycanın şəhərsalma təcrübəsi özünün aydın ifadəsini tapır. Hazırda dünya bu təcrübəni işğaldan azad edilmiş ərazilərimizin bərpasında və yenidən qurulmasında görür. Bütün şəhər və kəndlərimiz Baş plan əsasında qurulur. Müasirliyin və qədimliyin sintezinin yaradılması təkmil təcrübəmizdə öz əksini tapır. Bu baxımdan Pakistanın Baş naziri ölkəsinin Azərbaycanın bu sahədə təcrübəsinə böyük ehtiyacı olduğunu bildirdi”.
Deputat onu da vurğulayıb ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, müdafiə, təhsil sahələrində əlaqələrin mövcud vəziyyəti geniş təhlil edilərək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanların mövcudluğu qeyd edildi. İstər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində perspektivlər var. Müdafiə sahəsində əməkdaşlıq prioritet sahə kimi diqqətə çatdırıldı. Birgə hərbi təlimlərin sayının artırılması vacib amillər sırasındadır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Qardaş Türkiyə Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində də müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi önə çəkildi.
M.Həsənov diqqəti, eyni zamanda, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iyunun 17-də Azərbaycana səfərinə yönəldib. Səfər çərçivəsində Rüstəm Minnixanovun Prezident İlham Əliyevlə birgə Zəngilan rayonunun Ağalı kəndində olması, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etməsi tarixi Zəfərimizin reallıqlarının təqdimatında əhəmiyyətli rola malikdir. Dövlətimizin başçısı Zəngilan rayonunun Ağalı kəndində Tatarıstan Respublikasının rəisi ilə görüşündə bir daha bildirdi ki, Sənaye Parkının birinci obyekti qardaş Tatarıstanın obyektidir.
“Tarixi Zəfərimiz Azərbaycanın qarşısında geniş imkanlar yaradır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir. Ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyimizə dəstək günbəgün artır”, - deyə Malik Həsənov vurğulayıb.