ELM VƏ TƏHSİL
Azərbaycanın bölgələrində özünümaliyyələşdirmə səviyyəsi qiymətləndirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinin əməkdaşlarının qatıldığı onlayn iclasa institutun baş direktoru iqtisadiyyat elmləri doktoru, professor Nazim Müzəffərli sədrlik edib.
Seminarda institutun xüsusi layihələr üzrə baş direktor müavini dosent Allahyar Muradov “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda aparılmış tədqiqatla bağlı təqdimatla çıxış edib. Bildirib ki, professor Nazim Müzəffərlinin rəhbərliyi və İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının iştirakı ilə yerinə yetirilmiş bu tədqiqat Maliyyə Nazirliyinin sifarişi ilə aparılıb. Tədqiqatın məqsədi ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək və bu əsasda reytinqini tərtib etməkdir. Bunun üçün müəlliflərin təklif etdiyi 3 fərqli metodologiya əsasında bölgələrimiz üçün “Özünümaliyyələşdirmə səviyyəsi indeksi” hesablanıb. Qiymətləndirmə zamanı regionların inkişaf dinamikası, sosial-iqtisadi göstəriciləri, əvvəlki dövrlərdə qəbul olunmuş qərarların regional inkişafa təsirləri kimi məsələlər də araşdırılıb. Tədqiqatın nəticələri Maliyyə Nazirliyinə təqdim olunub.
Təqdimat zamanı araşdırmanın metodologiyası və nəticələri haqqında geniş məlumat verilib. Sonra tədqiqatla bağlı müzakirə aparılıb, müəlliflər bölgələrimizdə özünümaliyyələşdirmə səviyyəsinin yüksəldilməsi ilə bağlı sualları cavablandırıblar. Çıxış edənlər - professorlar Fuad Qənbərov, Tofiq Hüseynov, Müşfiq Atakişiyev, dosent Azər Səfərov və digərləri tədqiqatın elmi və praktiki əhəmiyyətini qeyd etməklə yanaşı, təklif və tövsiyələrini də səsləndiriblər.