Azərbaycanın “Ekoloji atlas”ı nəşr edilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində akademik Q.Məmmədov, professor M.Xəlilov, biologiya elmləri doktoru S.Məmmədova tərəfindən tərtib edilmiş “Azərbaycan Respublikasının Ekoloji atlası” nəşr olunmuşdur.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlətimizin başçısının ölkədə apardığı ekoloji siyasətə töhfə olan atlas tematikliyinin müxtəlifliyi, məzmununun dolğunluğu ilə diqqəti cəlb edir. Nəşr doğma diyarın təbii zənginliklərinin ekoloji vəziyyətinin qiymətləndirilməsində, təzadlı təbiətini yaxından tanımaqda, ekoloji problemləri öyrənməkdə çox əhəmiyyətlidir.
“Ekoloji sistemlərin kosmosla qarşılıqlı təsiri və Yer-Kosmos-Vahid Ekosistem”lə açılan atlasın başlanğıcında Yerin kosmosla qarşılıqlı əlaqəsi, Yerdə həyatın təkcə planetar deyil, həm də kosmik bir hadisə olduğu şərh edilir.
Atlas respublikada ekoloji vəziyyətin tədqiqi, səmərəli dövlət ekoloji siyasəti, ekoloji təhsil, geniş kütlənin maariflənməsi, ekoloji mədəniyyətin yüksəlməsi haqqında məlumatları özündə əks etdirir.
Nəfis tərtib edilmiş nəşr 11 bölmədən (Atmosfer, Hidrosfer, Litosfer, Torpaqlar, Biosfer, Landşaftlar, Bitki örtüyü, Heyvanlar aləmi, Təbii fəlakətlər, Cəmiyyətin ekologiyası, Azərbaycan ekologiyasının hüquqi əsasları) ibarətdir.
Atlasda 150-dən çox xəritə verilmişdir. Xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəsini asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən, qrafik və diaqramlardan istifadə olunmuşdur. Xəritələrin əksəriyyəti elmi yenilikli məzmununa görə fərqlənir.
Atlasın birinci bölməsindən sonuncu bölməsinə qədər dünyanın və Azərbaycanın çoxsaylı xəritələri (bəziləri ilk dəfə olaraq çap olunur), qrafikləri, şəkil və diaqramları, məlumat xarakterli elmi izahlı mətnləri verilmişdir. Nəşrdə təkcə problemlər sadalanmır, eyni zamanda, bu proseslərin həlli yolları da göstərilir. Dünyanın və Azərbaycanın hətta ayrı-ayrı bölgələrinin fiziki, iqtisadi coğrafi rayonlarının ekoloji sisteminin təsnifatı istifadəçilərin marağına səbəb olacaqdır. Atlasın çox qiymətli informasiyalarından biri Azərbaycanın “Qırmızı kitab”ına düşən heyvanlar, ağac və kollar haqqında olan illüstrasiyalı məlumatlardır.
Sonda Tibbi-Ekoloji vəziyyətin atlası, Azərbaycan ekologiyasının hüquqi əsasları verilmişdir. Bu sənədlərlə tanışlıq bir daha ekoloji problemlərin həllinin dövlət qanunları ilə yüksək səviyyədə qorunduğunu sübut edir.
######
