Azərbaycanın enerji siyasəti beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə töhfə verir ŞƏRH
Bakı, 4 mart, AZƏRTAC
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası enerji təhlükəsizliyinin təmin edilməsi, qarşıda duran vəzifələrin həlli istiqamətində mühüm platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bu iclaslarda görülən işlərin nəzərdən keçirilməsi, mövcud problemlərin araşdırılması, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq və tərəfdaşlıq məsələlərinin gündəmə gətirilməsi gələcək inkişaf və münasibətlərin genişlənməsi üçün böyük imkanlar yaradır.
“İclasda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması artıq ölkəmizin gündəlik həyatında hiss edilən reallığa çevrilib. Dünyada baş verən hadisələr, iqlim dəyişiklikləri, ölkələr arasında gedən müharibələr və münaqişələr bir çox dövlətləri enerji böhranı ilə üz-üzə qoyub. Problemlərin həll yollarının axtarılması və mövcud vəziyyətdən çıxış üçün əməkdaşlığa böyük ehtiyac var. Bu baxımdan, Azərbaycan ən etibarlı tərəfdaş hesab edilir və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu ildən-ilə artır”, - deyə deputat vurğulayıb.
T.Rzayev diqqətə çatdırıb ki, Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Avropa İttifaqına üzv olan 10 dövlət Azərbaycandan qaz alır. Ölkəmiz, həmçinin qaz təchizatının şaxələndirilməsinə böyük önəm verir və bununla əlaqədar vacib tədbirlər həyata keçirilir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və alternativ marşrutların yaradılması bu gün zərurətə çevrilib.
“Azərbaycan həm də güclü Günəş və külək enerjisi potensialına malikdir. Bu sahədə mühüm layihələr mövcuddur və artıq həmin layihələrin həyata keçirilməsinə başlanılıb. Dövlətimizin enerji potensialından səmərəli istifadə edilməsi, əlbəttə, ilk növbədə, ölkə iqtisadiyyatının inkişafına hesablanıb. Bu, eyni zamanda, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və ölkədə vacib olan bir sıra sosial-iqtisadi məsələlərin həllinə xidmət edir. Bütün bunlar əməkdaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradır, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə töhfə verir. Bu nailiyyətlər qürurvericidir və Azərbaycanın iqtisadi inkişafının davamlı olmasına, ölkəmizin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənməsinə, perspektivlərin daha uğurla həyata keçirilməsinə geniş imkanlar yaradır”, - deyə deputat bildirib.