Azərbaycanın iqtisadi siyasəti bu il də uğurla davam edəcək
Bakı, 21 yanvar, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin qüdrətli dövlətin qurulmasına yönələn uzaqgörən inkişaf strategiyası son 18 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilib, ölkəmizin siyasi-iqtisadi imkanları daha da genişlənib, beynəlxalq aləmdə nüfuzu artıb. Ötən müddətdə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünya qlobal maliyyə və iqtisadi böhranı şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi mühüm önəm daşıyıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O qeyd edib ki, ölkəmizdə prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sənayesi son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində sürətlə inkişaf edib, bu istiqamətdə istehsal və ixrac potensialının artırılmasına, sərmayə qoyuluşunun stimullaşdırılması üçün səmərəli mexanizmlərin tətbiqinə mühüm önəm verilib, investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədinin verilməsi diqqətdə saxlanılıb. Bununla da sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələri ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradılıb. Belə şərait isə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələrinin genişləndirilməsini, yeni sənaye sahələrinin qurulmasını, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsini şərtləndirib.
Vurğulayıb ki, bütün bu sadalanan tədbirlərin həyata keçirilməsi nəticəsində 2021-ci il Azərbaycan iqtisadiyyatında mühüm nailiyyətlərlə yadda qalıb. Statistik göstəricilərə diqqət yetirsək, bütün bu uğurlar aydın nəzərə çarpar. Belə ki, keçən il ÜDM-in real həcmi 5,6 faiz, qeyri-neft sektoru isə 7,2 faiz artıb. Beynəlxalq Valyuta Fondunun ötən ilin oktyabr ayındakı proqnozuna görə, hesabat dövründə qlobal iqtisadiyyatda 5,9 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 6,4 faiz artım gözlənilsə də, iqtisadiyyatımızın prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər qeydə alınıb. Həmçinin qeyri-neft sektoru üzrə ixrac 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından ötən il 270 ABŞ dollarına çatıb. Bundan başqa, 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz qeydə alındığı halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən isə 2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri- neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artıb.
Emin Bağırov əlavə edib ki, bütün bu müsbət göstəricilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, nəhəng infrastruktur və nəqliyyat layihələrinin icrası istiqamətlərində çoxsaylı tədbirlərin həyata keçirilməsi sayəsində, özü də dünyada hələ də sonu görünməyən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda nail olunub. Dövlətimizin başçısının rəhbərliyi ilə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində əldə olunan yuxarıda vurğulanan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı, eləcə də qeyri-neft sənayesi 2022-ci ildə də inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.