Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur
Bakı, 2 mart, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Azərkosmos” ilk dəfə olaraq İspaniyanın Barselona şəhərində keçirilən, dünyanın ən nüfuzlu texnologiya və rabitə tədbirlərindən biri hesab olunan “Mobile World Congress (MWC) 2026”sərgisində iştirak edir.
AZƏRTAC-a “Azərkosmos”dan bildirilib ki, bu iştirak Azərbaycanın kosmik sənaye potensialının beynəlxalq səviyyədə təqdim olunması ilə yanaşı, ölkənin qlobal rəqəmsal və kosmik ekosistemin fəal iştirakçısı kimi mövqeyinin daha da gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.
“MWC 2026” çərçivəsində Azərkosmos telekommunikasiya və geniş spektrli peyk rabitəsi xidmətlərini, Yer müşahidəsi və geoinformasiya həllərini, eləcə də rəqəmsal transformasiya imkanlarını təqdim edir.
Xüsusilə “Azərkosmos”un “Azconnexus” platforması və “Əşyaların interneti (IoT)” həlləri sənaye, kənd təsərrüfatı, logistika və “ağıllı şəhər” tətbiqləri üçün innovativ rabitə imkanları təqdim edərək müəssisələrin rəqəmsal transformasiyasını sürətləndirir və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir.
“Azərkosmos”un “MWC 2026”da iştirakı şirkətin 15 illik yubileyi ilə üst-üstə düşərək qurumun kosmik sənayedə keçdiyi inkişaf yolunu və əldə etdiyi nailiyyətləri bir daha nümayiş etdirir.
Bu gün “Azərkosmos” yalnız peyk operatoru kimi deyil, regionda rabitə, innovasiya və rəqəmsal inkişafın aparıcı qüvvələrindən biri kimi çıxış edir.
Qeyd edək ki, “Mobile World Congress 2026” sərgisi martın 2-dən 5-dək davam edəcək.