Azərbaycanın Küveytdəki səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yerli media orqanlarında yayılıb
Bakı, 27 iyul, AZƏRTAC
Pandemiya dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin növbəti dəfə pozulması və təxribat cəhdi ilə bağlı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin etiraz bəyanatı Küveytin ərəb dilli, “Əl-Cəridə”, “Əl-Vasat”, “Əl-Nahar” qəzetlərində və “Dasmannews” onlayn xəbərlər portalında dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bəyanatda iyulun 12-dən başlayaraq Ermənistan respublikası növbəti təxribata əl atdığı, atəşkəs rejimini və beynəlxalq hüquq normalarını pozmaqla Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində sərhədi dəyişməyə cəhd edərək, təcavüzkar siyasətini bir daha ortaya qoyub. Düşmənin həmlələri adekvat addımlarla dəf edilib və layiqli cavab verilib, düşmən geri çəkilməyə məcbur edilib. Döyüş mövqelərində hər hansı dəyişiklik yoxdur.
Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri iyulun 13-14-də də Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya, tank və minomyotlardan istifadə etməklə atəşkəsi pozub, həmçinin ordumuzun Naxçıvan Muxtar Respublikasının Şahbuz və Culfa rayonu istiqamətlərindəki mövqelərini də atəşə tutub.
Bəyanatda döyüşlər zamanı Azərbaycan Ordusunun hərbçilərinin və bir dinc sakinin həlak olduğu vurğulanır. Səfirliyin bəyanatında, həmçinin Xocalı soyqırımı və Aprel döyüşləri barədə də məlumatlar yer alıb.
Bildirilir ki, baş verən hadisələrə görə məsuliyyət Ermənistan respublikasının hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və şübhəsiz ki, düşmən bundan sonra da qanlı cinayətlərinin layiqli cavabını alacaqdır. “Ermənistanın COVID-19 böhranı dövründə məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribat üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və ölkədaxili problemlərdən Ermənistan cəmiyyətinin fikrini yayındırmaq məqsədi daşıyır. Təsadüfi deyildir ki, Ermənistan hadisədən dərhal istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş və yardım istəmişdir. Bu, onu göstərir ki, Ermənistan əvvəlcədən planlaşdırılmış bir təxribatı həyata keçirməkdədir. Ermənistan respublikasının atəşkəs rejimini pozmaqda Azərbaycan tərəfini ittiham etməsi ilə əlaqədar bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayondan kənardakı Ermənistanla sərhədlərə Sərhəd Qoşunlarının əsgərlərinin yerləşdirilməsi Azərbaycanın təcavüzkar niyyətinin olmadığını göstərir”, - deyə bəyanatda vurğulanır.
Bəyanatda Azərbaycanın ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına bu günə kimi sadiq qaldığı qeyd olunur. Bildirilir ki, Azərbaycan xalqının səbri sonsuz deyildir. Azərbaycan Respublikası BMT nizamnaməsinin 51-ci maddəsinin ona verdiyi özünümüdafiə hüququnu özündə saxlayır və aparılan sülh danışıqları gözlənilən nəticəni verməzsə, bu hüququndan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcəkdir: “Hesab edirik ki, təcavüzkarla təcavüzə məruz qalan dövlət eyni tutulmamalıdır. Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü vardır. Onların beynəlxalq hüquqla tanınmış hüquq və azadlıqları əllərindən alınıb. Dövlətimiz öz imkanları hesabına ildən-ilə onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışır. Eyni zamanda, fürsətdən istifadə edərək dost Küveyt Dövlətinə münaqişənin ilk illərində azərbaycanlı qaçqınlara göstərdiyi yardımlara görə minnətdarlığımızı ifadə edirik. Lakin, təəssüflər olsun ki, Azərbaycan öz tarixi ata-baba yurdlarından qovulmuş qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində beynəlxalq birliyin gərəkli dəstəyini görmür. Hesab edirik ki, Ermənistan respublikasına beynəlxalq birliyin təzyiqləri kifayət qədər deyildir. Ona görə də öz təcavüzkar hərəkətlərindən və təxribatlardan əl çəkmir, həmçinin bu kimi lokal toqquşmaların davam etmək ehtimalı daha da artır. Qardaş Küveyt Dövlətinin 1990-cı ildə işğala məruz qalması bizə problemlərimizi yaxından hiss etməyə kömək edir. O zaman beynəlxalq birlik az bir müddət ərzində BMT qətnaməsi əsasında koalisiya təşkil edərək Küveyti işğaldan azad etmişdi. Lakin təəssüflər olsun ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanın 20 faiz torpaqları hələ də işğal altında qalır və son hadisələr bir daha göstərdi ki, Ermənistan respublikası öz təcavüzkar siyasətindən əl çəkməyib.
Sonda bir daha Azərbaycan Respublikasına birbaşa və dolayı şəkildə göstərilən dəstəyə görə dost və qardaş ölkələrə, xüsusilə də Küveyt Dövlətinə, eləcə də BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, bütün beynəlxalq təşkilatlara öz dərin təşəkkürümüzü ifadə edirik. İnanırıq ki, haqq işimizdə qalib gələcəyik. Allah haqlılarladır!”.