Azərbaycanın milli bayramı ilə əlaqədar Almatıda mərasim keçirilmişdir
Almatı, 31 may (AZƏRTAC). Almatıdakı “Ozan” Mədəniyyət Mərkəzi 28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü münasibətilə mərasim keçirmişdir.
Almatı şəhərindəki Femili adına ailə istirahət parkında təşkil olunmuş tədbirdə şəhər hakiminin müavini Janat Şarbaxanova, diasporumuzun üzvləri, burada fəaliyyət göstərən türk, yunan, moldovan, ukraynalı, əfqan, özbək və bolqar diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
“Ozan” Mədəniyyət Mərkəzinin sədri Qərib Məmmədov AXC-nin yaranma tarixi, cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə gördüyü mühüm işlər, dövlət atributları - gerbi, himni, bayrağı haqqında məlumat vermişdir.
Janat Şarbaxanova bayram münasibətilə mərasim iştirakçılarını təbrik etmiş, xalqlarımızın ortaq tarixi və mədəniyyətindən danışmış, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Mərkəzin sədrinin müavini Xuraman Babayeva Azərbaycanın müstəqilliyinin 20 illiyi və son illərdə ölkəmizdə bütün sahələrdə aparılan islahatlar haqqında məlumat vermişdir.
Parkda Azərbaycanın bayrağı, xəritəsi, ölkəmizin uğurlarını əks etdirən müxtəlif kitab və broşürlər da nümayiş etdirilmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı