CƏMİYYƏT
Azərbaycanın miqrasiya sahəsində qazandığı təcrübə digər ölkələr üçün xüsusi maraq kəsb edir
![](/files/galleryphoto/2023/2/1200x630/16917348236382253827_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16917348235994950592_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16917348233475152648_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16917348233577536033_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16917348235734025697_1200x630.jpg)
Bakı, 11 avqust, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə həyata keçirdiyi “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Kot-d'İvuar Respublikasının nümayəndə heyətinin üzvləri ilə DMX-də görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Təcrübə mübadiləsi məqsədi daşıyan görüşdə, həmçinin BMqT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsul əməkdaşları iştirak ediblər.
Qonaqlara Xidmətin fəaliyyət istiqamətləri, milli miqrasiya idarəçiliyi, o cümlədən readmissiya məsələləri barədə ətraflı məlumat verilib. Görüşdə, eyni zamanda, 2020-ci ildən etibarən icra edilən “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinə toxunularaq, həmin layihənin məqsədinin Azərbaycan Respublikası ilə Avropa İttifaqının müvafiq ölkələri arasında readmissiya sorğularının operativ icrası üçün Elektron Readmissiya Sənəd İdarəetmə Sistemini (e-RCMS) yaratmaqdan və işlək hala gətirməkdən, eləcə də readmissiya və məlumatların idarə olunması üzrə institusional bacarıqların artırılmasından ibarət olduğu vurğulanıb.
Kot-d'İvuar nümayəndə heyətinin rəhbəri xanım Minata Dıeket Nee Sanganoko Azərbaycanın miqrasiya, xüsusilə readmissiya idarəçiliyi sahəsində, eyni zamanda, e-RCMS-nin hazırlanması, fərdiləşdirilməsi və tətbiqi ilə bağlı əldə etdiyi təcrübənin ölkəsi üçün xüsusi maraq kəsb etdiyini vurğulayıb.
Görüşdə tərəflər arasında miqrasiya sahəsində maraq kəsb edən digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyətinin üzvləri Miqrasiya üzrə Regional Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Burada qonaqlara e-RCMS-nin funksionallığı, eləcə də Təlim Mərkəzinin fəaliyyətinə dair təqdimatlar nümayiş olunub.