Azərbaycanın Pakistandakı səfiri “Diplomatik nailiyyətlərə görə” mükafatına layiq görülüb
İslamabad, 11 dekabr, AZƏRTAC
İslamabad şəhərində “Diplomatik Nailiyyətlərə görə” mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Pakistan Prezidenti Administrasiyasının rəhbəri Faruk Əhməd, senator Məhəmməd Rafiq Racvana, prezidentin mətbuat katibi Samina Vakar, bu ölkədə akkreditə olunan səfirlər, dövlət və hökumət təmsilçiləri, jurnalistlər iştirak ediblər.
Faruk Əhməd öz çıxışında bildirib ki, “Diplomatik İnsight” jurnalının, Sülh və Diplomatiya İnstitutunun, həmçinin tanınmış ictimai-siyasi xadimlərin daxil olduğu Komissiya tərəfindən Pakistan İslam Respublikasında aktiv fəaliyyət göstərən Azərbaycan Respublikası, Almaniya, Avropa İttifaqı, Çin, İndoneziya, Cənubi Koreya səfirlərinə “Diplomatik nailiyyətlərə görə” mükafatının verilməsi qərara alınıb. Qeyd edilib ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar, təhsil, diplomatik və digər sahələrdə əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
Sonra “Diplomatik nailiyyətlərə görə” mükafatı səfirlərə təqdim olunub. Onlar öz çıxışlarında bildiriblər ki, bundan sonra da Pakistanla öz ölkələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinə çalışacaqlar.
Tədbir Pakistanın ingilis və urdu dillərində çap edilən “The Nation”, “Pakistan Observer”, “Frontier Post”, “Daily Dunya”, “Pakistan”, “Express Tribune” qəzetlərində geniş işıqlandırılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad