Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində Qanlı Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Tofiq Abdullayev 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının xüsusi təyinatlı qoşunları Bakıya soxularaq günahsız insanları - qocaları, qadınları, uşaqları vəhşicəsinə qətlə yetirmiş və əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etmişdir.
Faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək ilk dəfə bu qanlı hadisələrin günahkarlarının adlarını açıq şəkildə bəyan etdiyini xatırladan diplomat vurğulamışdır ki, ölkəmizdə 20 Yanvar şəhidlərinin ailələrinə daim diqqət və qayğı göstərilir.
Digər çıxış edənlər də Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığını və Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin misilsiz qəhrəmanlıqlarının vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğunu vurğulamışlar.
Səfirlikdə Qanlı Yanvar faciəsini əks etdirən materiallardan ibarət xüsusi guşə də yaradılmışdır.