Azərbaycanın sinxron tranzit siyasəti Avrasiyada yeni nəqliyyat düzəni formalaşdırır ŞƏRH
Bakı, 1 dekabr, AZƏRTAC
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin institusional əsaslarının möhkəmləndirilməsi regionun nəqliyyat arxitekturasında yeni mərhələnin formalaşdığına işarə edir. Azərbaycan, İran və Rusiya arasında imzalanmış üçtərəfli memorandum bu xətt üzrə tarif, logistika və əməliyyat proseslərinin vahid mexanizm çərçivəsində uzlaşdırılmasına şərait yaratmaqla marşrutun rəqabət qabiliyyətini artıran mühüm siyasi-iqtisadi sənəd kimi dəyərləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert, Ankara Universitetinin professoru Toğrul İsmayıl bildirib.
Onun sözlərinə görə, memorandumun tarif yanaşmalarının uzlaşdırılması, kompleks tarif modelinin tətbiqi, gömrük-prosedur sinxronizasiyası və rəqəmsallaşdırılmış logistika mexanizmləri kimi müddəaları Şimal-Cənub dəhlizinin əməliyyat səmərəliliyini xeyli yüksəldir. Bu yanaşma tranzit xərclərinin azaldılması, daşımaların proqnozlaşdırıla bilməsi və marşrutun həm regional, həm də qlobal yük axınları üçün daha cəlbedici platformaya çevrilməsi baxımından əhəmiyyətlidir.
Memorandumun geosiyasi çəkisinin təkcə texniki koordinasiyanın genişləndirilməsi ilə məhdudlaşmadığını diqqətə çatdıran Toğrul İsmayıl əlavə edib: “Sənəd Rusiya, İran və Azərbaycan arasında nəqliyyat sahəsində strateji əməkdaşlığı strukturlaşdıraraq Şimal-Cənub xəttini daha dayanıqlı regional platformaya çevirir. Bu istiqamətin gücləndirilməsi Avrasiya boyunca formalaşan alternativ marşrutlar, xüsusilə Orta Dəhliz və Zəngəzur dəhlizi ilə qarşılıqlı tamamlayıcı tarazlıq yaradır və yük axınlarının daha çevik şəkildə yönləndirilməsinə imkan verir”.
T.İsmayılın fikrincə, bu çərçivədə Azərbaycan tranzit qovşağı olmaqla yanaşı, həm də siyasi və logistika koordinasiyasını həyata keçirən əsas aktora çevrilir. “Azərbaycanın paralel marşrutları eyni vaxtda idarə etmək bacarığı ölkənin regional nəqliyyat sistemində strateji mövqeyini daha da gücləndirir. Bu, həm risklərin diversifikasiyasını təmin edir, həm də ölkənin tranzit dəyər zəncirində qərarverici rolunu artırır”, - deyə professor qeyd edib.
O əlavə edib ki, Astara yük terminalının tamamlanması memorandumun əməliyyat nəticələrinin real həyata keçirilməsinə mühüm töhfə verəcək. Terminal Hindistan-İran-Azərbaycan-Rusiya xətti üzrə yük axınlarının optimallaşdırılmasına, Şimal-Cənub dəhlizinin faktiki daşımalar üzrə rəqabət qabiliyyətinin artırılmasına şərait yaradacaq.
“Üçtərəfli memorandum Şimal–Cənub dəhlizinin geosiyasi mahiyyətini daha institusional, daha çevik və daha proqnozlaşdırılan əməkdaşlıq formatına yönəldir. Azərbaycan infrastruktur, tranzit və diplomatik imkanlarını sinxron şəkildə işə salaraq Avrasiyanın yeni nəqliyyat və siyasi arxitekturasının formalaşmasında aparıcı rol oynayır”, - deyə Toğrul İsmayıl vurğulayıb.