İQTİSADİYYAT
Azərbaycanın tikinti şirkətləri Beynəlxalq Tikinti Çempionatında iştirak edə bilər
![Azərbaycanın tikinti şirkətləri Beynəlxalq Tikinti Çempionatında iştirak edə bilər](/files/2023/2/1200x630/16893380224280425842_1200x630.jpg)
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 17-də Bakıdakı Həştərxan İşgüzar Mərkəzində oktyabrın 17-dən 20-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək III Beynəlxalq Tikinti Çempionatının təqdimatı olacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimatda Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Rusiya nümayəndə heyəti, Azərbaycanın tikinti şirkətlərinin rəhbərləri və dövlət strukturlarının təmsilçiləri iştirak edəcəklər.
Bu il keçiriləcək III Beynəlxalq Tikinti Çempionatının əsas mövzusu “Yeni dövrün texnologiyaları”dır. Tədbir çərçivəsində tikinti sahəsində peşəkarlar, inşaat universitetlərinin tələbələri və yuxarı sinif şagirdləri üçün fəhlə və inşaat mühəndisi ixtisasları üzrə 25 nominasiyada yarışlar, həmçinin işgüzar proqram, dəyirmi masalar, plenar diskussiyalar, inşaat sahəsində perspektivli layihələrin və texnoloji trendlərin təqdimatı təşkil ediləcək. Sərginin ekspozisiyaları isə tikintidə və qarışıq sahələrdə unikal texnologiyaları əks etdirəcək, burada ən yeni inşaat texnika və avadanlıqları təqdim ediləcək.