Azərbaycanın turizm potensialı "MİTT 2016" beynəlxalq turizm sərgisində nümayiş olunacaq
Bakı, 21 mart, AZƏRTAC
Martın 23-dən 26-dək Moskvada "MİTT 2016" beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə, həmçinin Şahdağ Turizm Kompleksinin, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL), “AİTF” turizm sərgisinin, “Formula-1” Avropa Qran-prisinin təşkilat komitəsinin və 20-ə yaxın yerli turizm şirkəti təmsilçilərinin iştirakı planlaşdırılır.
Beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 72 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış bukletlər, broşürlər, CD-lər və digər reklam vasitələri ilə təqdim ediləcəkdir.
Bu il adıçəkilən tədbirdə Azərbaycanla yanaşı, 200 dən artıq ölkədən 2000-ə yaxın şirkətin iştirakı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "MİTT" beynəlxalq turizm sərgisində iştirak edir.