Azərbaycanın turizm şirkətləri beynəlxalq səyahətlər və sərgüzəştlər sərgisində iştirak etmişlər
Vaşinqton, 15 yanvar (AZƏRTAC). Çikaqoda beynəlxalq “Səyahətlər və sərgüzəştlər sərgisi” keçirilmişdir. Sərgidə ölkəmizi “Azərbaycan möcüzələri” (“Wonders of Azerbaijan”) layihəsinin iştirakçıları olan “AL Travel”, “Caspian Breeze”, “CBT Azerbaijan”, “Express Tours” və “Intour Travel” turizm şirkətləri təmsil etmişlər.
250-dən çox firmanın iştirak etdiyi sərgidə Azərbaycanın turizm şirkətləri ABŞ-dan olan turistlərin rahat səyahət etmələri üçün mövcud imkanları təqdim etmişlər.
“Wonders of Azerbaijan” layihəsinin marketinq üzrə meneceri Nigar Rəsulova demişdir: “Azərbaycan möcüzələri” layihəsi ABŞ-ın aparıcı turizm agentlikləri və operatorları ilə işgüzar əlaqələr yaradılmasını nəzərdə tutur. Biz Şərqi Avropaya, Yaxın Şərqə və Mərkəzi Asiyaya səyahət turları ilə bağlı xidmətlər təqdim edən turizm şirkətlərinin mütəxəssisləri ilə əməkdaşlığa xüsusi maraq göstəririk”.
Sərginin “Odlar yurdu və tolerantlıq mərkəzi” devizi ilə fəaliyyət göstərən Azərbaycan stendində ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, kulinariyası və konfessional müxtəlifliyi barədə materiallar təqdim edilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton