SİYASƏT
Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
![Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib](/files/2023/1/1200x630/16776567272138058854_1200x630.jpg)
Bakı, 1 mart, AZƏRTAC
Fevralın 28-də Bakıda Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Səudiyyə Ərəbistanı tərəfindən xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim Əl-Xureyci rəhbərlik edib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Səudiyyə Ərəbistanı tərəfinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq, reinteqrasiya işləri barədə məlumat verilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.