AZƏRBAYCANLA ALMANİYA ARASINDA HƏRBİ VƏ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, bu avadanlığın hədiyyə edilməsindən məqsəd ATƏT çərçivəsində adi silahların ləğvinə nəzarətə dair müqavilələrdən irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində Azərbaycanın nəzarət mərkəzinə yardım göstərməkdir. Xüsusi proqramla təchiz olunmuş kompüter və projektordan ibarət avadanlıq dəstinin Azərbaycanla Almaniya arasında hərbi və təhlükəsizlik siyasəti sayəsində əməkdaşlığına kiçik töhfə olduğunu deyən səfir hər iki ölkənin müdafiə nazirliklərinin silahların yoxlanması ilə məşğul olan idarələrinin əlaqələrinin genişlənməsində mühüm rol oynayacağını diqqətə çatdırmışdır.
Səfir Klaus Qrevlix demişdir ki, Azərbaycan Müdafiə Nazirliyi ilə əməkdaşlıq ötən ildən fəallaşmağa başlasa da, artıq Almaniyanın respublikamızda iki hərbi attaşesinin akkreditə olunmasından qürur hissi duyur. Almaniya diplomatı təhlükəsizlik konsepsiyasına dair məsləhətləşmələrdə ölkəsinin iki ekspertlə təmsil olunmasını bu əlaqələrin daha da möhkəmlənəcəyinə imkan yaradacağını bildirmişdir. Təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərin beynəlxalq və çoxtərəfli hərbi əməkdaşlıq çərçivəsində uzlaşdırıldığını diqqətə çatdıran səfir, Almaniya ilə Azərbaycan arasında bu məsələyə dair müqavilə ilə bağlı başlanan danışıqların gələn il yekunlaşacağına umidvar olduğunu bildirmişdir.
Azərbaycanla Almaniya arasında hərbi və təhlükəsizlik sahəsində münasibətin inkişafına göstərdiyi diqqətə görə səfir Klaus Qrevlixə təşəkkür edən polkovnik Ramiz Nəcəfov texniki yardımın bu işdə irəliyə doğru atılan daha bir addım olduğunu qeyd etmişdir.
Azərbaycanlı mütəxəssislərin Almaniyada təcrübə keçməsi və seminarlarda iştirak etməsi əlaqələrin inkişafının müsbət təzahürü kimi qiymətləndirilmişdir.
Tərəflər iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının vacib olduğunu bildirmişlər.