Azərbaycanlı alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Bakı, 23 iyun, AZƏRTAC
AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və bu qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimə üzvlük diplomunu və medalı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə təqdim edib.
Elçin İsgəndərzadə alimin Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini və medala layiq görüldüyünü bildirib. Qeyd edib ki, bu günə qədər AMEA-nın bir sıra görkəmli alimləri həmin qurumun həqiqi üzvü seçilib.
Səyyarə İbadullayeva bu mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayıb, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkürünü bildirib.