Azərbaycanlı deputat AŞPA-nın iclasında Türkiyədə prezident seçkilərinin region üçün əhəmiyyətindən danışıb
Strasburq, 19 iyun, AZƏRTAC
Avropa Şurasının müşahidə missiyasının üzvləri olaraq Türkiyədə prezident seçkilərinin gedişini izlədik. Müşahidə etdiyimiz səsvermə prosesini ənənəvi seçkilər sırasına aid etmək olmaz. Çünki bir sıra ölkələrdəki seçkilərdən fərqli olaraq, bu seçkilərə dünyada böyük maraq var idi. Bu seçkilər və onun nəticələri regionun həyatına və dövlətlərarası münasibətlərə əhəmiyyətli təsir göstərəcək hadisə kimi dəyərləndirilirdi. Müxtəlif ölkələrin bu seçkilərlə bağlı gözləntiləri, planları vardı və seçkilər yalnız Türkiyə hadisəsi olmaq çərçivəsindən kənara çıxırdı. Türkiyə cəmiyyətinin də seçkiyə münasibəti elə həmin yanaşmalarla düz mütənasib oldu. Türkiyə əhalisinin seçkilərdə yüksək fəallığı müxtəlif ölkələrdən olan müşahidəçiləri heyran qoydu. Güman etmirəm ki, son illərdə Avropanın hansısa ölkəsində əhalinin belə qeyri-adi seçki fəallığı müşahidə edilsin. Bu seçki fəallığı Türkiyənin özü üçün də rekord nəticə idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində Büro və Daimi Komitənin hesabatı zamanı çıxışında deyib.
Deputat bildirib ki, seçkilər Türkiyə dövlətinin və cəmiyyətinin böyük nailiyyəti sayılmalıdır. Ölkədəki demokratik seçki mühiti olmasaydı, bu qədər insan seçki məntəqələrinə gələrək iradəsini ifadə etməyə tələsməzdi. Seçkilərin ən böyük özəlliyi də elə budur. Mühüm olan demokratik, şəffaf, bərabər seçki mühitinin, ölkə əhalisinin qabaqcıl seçki düşüncəsinin olması, vətəndaşların sərbəst özünüifadəsi üçün lazımi şəraitin mövcudluğudur. Bunlar təmin olunubsa, digər kiçik qüsurlar əsas nəticələrə təsir göstərə bilməz və onların gələcəkdə təkrarlanmamasını da təmin etmək çətin deyil. Seçki məntəqələrinə axın-axın gələn gənclərlə yanaşı, yaşı 80-i, 90-ı keçmiş çoxlu ahıl insanlar da görürdük. Bu, Türkiyə cəmiyyətinin vətəndaş məsuliyyəti duyğusunun göstəricisi, insanların ölkə taleyindəki mühüm hadisəyə diqqətinin əyani sübutu idi.
“Seçkilər iki əsas namizəd arasında səslərin təxminən bərabər bölünməsi ilə nəticələndi. Təbii ki, nəticə etibarilə bir namizəd hansısa faiz nisbəti ilə qalib gəlir. Ancaq səslərin nisbəti elə idi ki, sanki ölkədə mövqelərin ikiyə parçalanması təəssüratını da oyada bilərdi. Ancaq seçki bitdi, ölkə də bu nəticələri sakit qəbul etdi, bəzən ayrı-ayrı ölkələrdə müşahidə edilən qarşıdurmalar olmadı. Bu, göstərir ki, Türkiyə vətəndaşları demokratiya dəyərləri ilə yaşamağı artıq həyat meyarına çeviriblər. Bu isə seçkilərdə Türkiyənin ən böyük qələbəsi sayılmalıdır. Bu seçkilərdə hər hansı namizəddən daha əvvəl qalib çıxan elə Türkiyənin özüdür”, - deyə R.Hüseynov bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq