AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ QEYD OLUNACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində anma mərasimləri keçiriləcəkdir.
ABŞ. Amerikanın Azərbaycan Cəmiyyəti 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirməyi planlaşdırmışdır. Artıq bu məqsədlə təşkilat xüsusi mətbuat məlumatı hazırlayaraq ABŞ Konqresinin bütün üzvlərinə göndərmişdir.
Azərbaycan Nyu-York Assosiasiyası ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımını tanıtmaq məqsədi ilə şəhərin mərkəzi küçələrində yürüş keçirməyi nəzərdə tutmuşdur.
ABŞ-ın Hyuston, Los-Anceles, San-Fransisko, San-Xose və Mayami şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimlərinin keçirilməsini planlaşdırmışlar.
X X X
RUSİYA. 31 mart - Azərbaycanlıların soyqırımının növbəti ildönümü Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Çeboksarı, Nijni-Novqorod, Volqoqrad, Yekaterinburq, Ulan-Ude, Novosibirsk, Xabarovsk və digər iri şəhərlərində qeyd ediləcəkdir.
X X X
TÜRKİYƏ. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası martın 30-da İstanbuldakı Sabancı Mədəniyyət Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar konfrans keçirəcəkdir. Konfransda Azərbaycan Türk Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, İstanbul Türk-Azərbaycan Dostluq və Dayanışma Dərnəyinin rəhbəri Salih Bayraktar, həmçinin Kocaeli şəhər bələdiyyəsinin sədri İbrahim Qaraosmanoğlu, Bəkirpaşa bələdiyyəsinin sədri Abdulah Köktürk və Doğru Yol Partiyasının, yerli ictmaiyyətin nümayəndələrinin və mətbuat təmsilçilərinin iştirakı gözlənilir.
X X X
UKRAYNA. 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Kiyev şəhərində Ermənistan səfirliyinin qarşısında piket keçirilməsi planlaşdırılmışdır. Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Ukraynanın Odessa, Dnepropetrovsk, Donetsk, Xarkov şəhərlərində də piket və dəyirmi masaların təşkil olunacağı gözlənilir.
X X X
BELARUS. Martın 30-da Minsk şəhərində Azərbaycanın Belarusdakı səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçiriləcəkdir. Tədbirə yerli KİV nümayəndələri və Belarusda fəaliyyət göstərən türk, rus və digər diaspor təşkilatlarının rəhbərləri də dəvət olunacaqdır.
X X X
ÖZBƏKİSTAN. Martın 30-da Azərbaycanın Özbəkistandakı səfirliyi bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızla birlikdə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirəcəkdir. Tədbirdə, həmçinin Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilmiş I Forumunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş müraciətin Özbəksitandakı digər dövlətlərin səfirliklərinə və buradakı milli azlıqların nümayəndələrinə göndərilməsi də nəzərdə tutulmuşdur. Bununla bağlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən səfirliyə müvafiq materiallar göndərilmişdir.
X X X
QAZAXISTAN. Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədəki icma və birliklərimizlə birlikdə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Astana şəhərində tədbir keçirməyi planlaşdırmışdır.
X X X
GÜRCÜSTAN. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Marneuli şəhərində tədbir keçirməyi planlaşdırmışdır. Tədbirdə soydaşlarımızla yanaşı Gürcüstanda yaşayan digər millətlərin nümayəndələrinin iştirakı gözlənilir.
X X X
YENİ ZELANDİYA. Bu ölkədə fəaliyyət göstərən “Azəri” Yeni Zelandiya - Azərbaycan Dostluq Cəmiyyəti 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirəcəkdir. Dərnəyin yerləşdiyi binada keçiriləcək mərasimdə bu ölkədə yaşayan azərbaycanlıların, digər türkdilli xalqların və yerli ictimaiyyətin nümayəndələri də iştirak edəcəklər. Tədbirdə iştirakçılara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları barədə ətraflı məlumatlar veriləcəkdir.