AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR DAŞKƏNDDƏ MƏRASİM OLMUŞDUR
Daşkənd, 1 aprel (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçirilmişdir.
Səfirliyin müvəqqəti işlər vəkili Akif Əliyev ermənilərin zaman-zaman Azərbaycana qarşı apardığı soyqırımı siyasəti haqqında geniş məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından qovulması, indiki Ermənistan ərazisində tarixi adların - toponimlərin dəyişdirilməsi, Xocalı soyqırımı və Dağlıq Qarabağda törədilən digər faciələr haqqında danışmışdır.
Akif Əliyev demişdir: “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər 1905-ci, 1907-ci, 1918-ci illərin qırğınlarını və sonrakı illərdə xalqımıza qarşı genişmiqyaslı qətliamlar həyata keçirmişlər. Ermənilərin vəhşilikləri nəticəsində Quba, Şamaxı qəzalarında, Qarabağ, İrəvan, Naxçıvan, Zəngəzur və Lənkəranda, həmçinin indiki Ermənistan ərazilərində yüzlərlə Azərbaycan kəndi yerlə-yeksan edilmiş, insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişlər.
Sonra “Azərbaycanın mədəni irsinə qarşı təcavüz” filmi göstərilmiş, səfirliyin ikinci katibi Səbuhi Əhmədov bu haqda məlumat vermiş, “Təbiət çağırır” videofilmi nümayiş etdirilmişdir.
Foyedə ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının mətni, “Qubada soyqırımı”, “Mart, 1918” stendləri, həmçinin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi”, “İstiqlal yürüşü”, Erix Fayqlın “Armyanskaya mifomaniya” kitabları və təcavüzlə bağlı bir sıra beynəlxalq normativ sənədlər nümayiş etdirilmişdir.
Mərasim iştirakçılarına soyqırımı ilə bağlı sənədli filmin diskləri və məlumatlar toplusu paylanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd