İQTİSADİYYAT
“Azərenerji” dekabrda 1,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

Bakı, 5 yanvar, AZƏRTAC
“Azərenerji” ASC tərəfindən 2017-ci ilin dekabr ayında istehlakçılar tələbatlarına uyğun olaraq, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Dekabrda istehsal edilən elektrik enerjisinin həcmi 1,9 milyard kilovat-saat olub.
Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin dekabr ayında bu rəqəm 2,2 milyard kilovat-saat təşkil edib.
ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.
“Azərenerji” ASC Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işləri davam etdirib, eyni zamanda, tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernləşdirilməsini diqqətdə saxlayıb.