İQTİSADİYYAT
“Azərişıq”: Qaradağ və Abşeron rayonlarında yerləşən daş karxanalarında problemlər aradan qaldırılır

Bakı, 13 dekabr, AZƏRTAC
Qaradağ və Abşeron rayonları ərazisində yerləşən, elektrik təchizatında ciddi problemləri olan daş karxanalarının texniki normaların tələblərinə cavab verəcək səviyyəyə salınması üçün “Azərişıq” ASC tərəfindən tədbirlər görülür.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən yüzlərlə daş karxanalarının elektrik təchizatı müxtəlif dövrlərdə “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə riayət edilmədən quraşdırılıb və “Elektrik Qurğularının İstismar Qaydaları”nın “Texniki Təhlükəsizlik Qaydaları”nın tələbləri gözlənilmədən istismar edilir. Bununla yanaşı, həmin daş karxanasının qidalandırıldığı enerji mənbələrindən 6 kilovoltluq gərginliyə görə normativlə buraxıla bilən məsafədən uzaq olduğu üçün xəttin sonunda gərginlik düşküsü yaranır, bununla da enerji təchizatı müəssisəsinin (“Azərişıq” ASC) qidalandırıcı şəbəkəsində qəza açılmalarının baş verməsi və itkilərin səviyyəsinin artması kimi problemlərin yaranmasına səbəb olur. Bu daş karxanalarının sahiblərinə zaman-zaman xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəbəkələrinin normal vəziyyətə gətirilməsi üçün heç bir texniki tədbirlər görülməyib.