“Azərpoçt”: Hazırda 17 fərqli məntəqədə “Postamat”lar quraşdırılıb – Açıqlama
Bakı, 1 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC artıq uzun müddətdir ki, müştərilərinə elektron ticarət xidmətinin bütün istiqamətləri üzrə xidmətlər göstərir. Bunlardan biri də “Postamat” adlı avtomatlaşdırılmış poçt qutularıdır. “Postamat” şəbəkəsi hazırda müştərilərə onlayn sifarişlərdən olan bağlamaların 24/7 rejimində təhvil verilməsi imkanını təmin edir. Bağlama qutularının açılması müştərinin mobil nömrəsinə SMS vasitəsilə göndərilən birdəfəlik kod və ya QR kod vasitəsilə həyata keçirilir. Həmçinin müxtəlif dillərdə fəaliyyət göstərən (Azərbaycan, ingilis və rus dilləri) interfeys bu qutuların istifadə rahatlığını təmin edir. “Postamat”lar hazırda 17 fərqli məntəqədə quraşdırılıb və aktiv şəkildə fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq “Azərpoçt” MMC-dən bildirilib.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə “Postamat”lar fiziki kilidləmə sistemi, kamera nəzarəti (CCTV), unikal kodla təsdiqləmə (autentifikasiya) və real vaxt rejimində sensorlarla təchiz olunub – bu da nasazlıq və təhlükəsizlik hallarında dərhal xəbərdarlıq imkanı yaradır. Ödənişlər isə postamat üzərindən deyil, tərəfdaş platformalarında əvvəlcədən həyata keçirilir və hazırda postamatlar yalnız biznes tərəfdaşlarla inteqrasiya mühiti çərçivəsində fəaliyyət göstərir.
“Azərpoçt”dan bildirilib ki, yaxın perspektivdə daha geniş tərəfdaş şəbəkəsi ilə əməkdaşlıqlar və rəqəmsal həllərin tətbiqi üzərində iş gedir. Məqsəd həm müştəri təcrübəsini gücləndirmək, həm də ümumi logistik proseslərin daha sürətli, rahat və avtomatlaşdırılmış şəkildə həyata keçirilməsidir.