“Azərreyl” klubu cari ildə ilk qələbəsini qazanıb
Bakı, 13 yanvar, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Voleybol Mərkəzində təşkil edilən matçda “Azərreyl” və “Abşeron" klubları üz-üzə gəliblər.
İlin ilk matçı “Azərreyl”in üstünlüyü ilə başa çatıb. Baş məşqçi Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0.
Beləliklə, bu oyundan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” 6 xalla turnir cədvəlində birinci, “Murov” 3 xalla ikinci yerdə qərarlaşıb. “Abşeron” və UNEC-in isə xalı yoxdur.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan "Murov" - UNEC qarşılaşması universitet təmsilçisinin əksər oyunçularının səhhətində problem yarandığı üçün təxirə salınıb.