AzMİU ilə Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub









Bakı, 23 iyun, AZƏRTAC
Konya Texniki Universitetinin (KTU) rektoru professor Osman Nuri Çelik və baş katib Kamil Gök Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə keçirilən görüşdə tərəflər elm, təhsil, startap təşəbbüsləri və beynəlxalq layihələr üzrə birgə fəaliyyət istiqamətlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, AzMİU ilə KTU arasında bu il yanvarın 21-də onlayn formatda əməkdaşlıq müqaviləsi imzalanıb. Bundan əvvəl, 2024-cü ilin noyabrında AzMİU nümayəndələri KTU-nun prorektoru professor Hüseyin Deveci ilə görüşərək universitetlərin beynəlxalq reytinq göstəriciləri və elmi əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra Konya Texniki Universitetinin nümayəndələri AzMİU-nun infrastruktur imkanları ilə tanış olub, imtahan sessiyasını izləyiblər.
AzMİU ilə KTU arasında qurulan əlaqələrin gələcəkdə ikili diplom proqramları, birgə tədqiqat layihələri və tələbə-müəllim mübadiləsi kimi istiqamətlərdə genişlənəcəyi gözlənilir.