AzTU tədqiqatçıları xarici universitetlərlə davamlı əməkdaşlıq quracaq
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqat potensialının gücləndirilməsi və professor-müəllim heyətinin elmi-tədqiqat imkanlarının genişləndirilməsi, elmi potensiallarının səmərəli istifadəsi və düzgün realizə olunması məqsədilə AzTU-nun əməkdaşlıq etdiyi qabaqcıl xarici universitetlər, tədqiqat mərkəzləri və əmək bazarı nümayəndələri ilə rasional əməkdaşlıq çərçivəsində partnyor professor (tədqiqatçı) “Əkiz tədqiqatçı” layihəsi həyata keçiriləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında universitetin elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov söyləyib. O, qeyd edib ki, layihənin həyata keçirilməsi zamanı AzTU-da fəaliyyət göstərən hər bir tədqiqatçı-müəllim heyətinin tədqiqat sahəsinə və peşəkar olduğu tədqiqat mövzusuna uyğun olaraq ən azı 1 xarici universitet və ya tədqiqat mərkəzinin tədqiqatçısı ilə daim, davamlı əməkdaşlıq əlaqəsində olmaqla uzunmüddətli səmərəli birgə elmi fəaliyyətin təmin olunması nəzərdə tutulur.
“Əkiz tədqiqatçı” layihəsinin yerinə yetirilməsi zamanı Texniki Universitetin prioritet olaraq qəbul etdiyi və dünyada aparılan müasir tədqiqat sahələri əsas kimi qəbul edilir. AzTU-nun mövcud akademik strukturlarında çalışan hər bir professor-müəllim heyətinin və tədqiqatçıların çalışdığı tədqiqat mövzusuna uyğun xarici tərəfdaş universitetlərdə, tədqiqat mərkəzlərində çalışan professor və ya tədqiqatçı alim müəyyən edilir. İl ərzində uğurlu fəaliyyətlərinə görə 10 nəfər “Əkiz tədqiqatçı” layihəsinin qalibi mükafatlandırılmaqla əlavə təşviq edilir”, - deyə prorektor bildirib.