REGİONLAR
Baba Rzayev: Azərbaycanın enerji sistemi normal rejimdə çalışır VİDEO

Mingəçevir, 12 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası mütəmadi olaraq erməni qoşunlarının hədəfinə çevrilib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu oktyabrın 12-də Mingəçevirdə jurnalistlərə açıqlamasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev deyib.
O bildirib ki, elektrik stansiyalarının əraziləri mütəmadi olaraq raket hücumuna məruz qalır. Lakin xoşbəxtlikdən düşmən bu zəruri enerji infrastrukturuna zərər vura bilməyib. Azərbaycanın enerji sistemi normal rejimdə çalışır.
Azərbaycanın Gürcüstan, Türkiyə və Avropa ölkələrinə elektrik enerjisi ixrac etdiyini deyən Baba Rzayev qeyd edib ki, bu strateji məkanları hədəf almaqda Ermənistanın məqsədi aydındır: “Onlar əhali arasında təşviş yaratmaqla yanaşı, Azərbaycan iqtisadiyyatına zərbə vurmağı da hədəfləyirlər. Bildirmək istəyirəm ki, ölkəmizdə elektrik enerjisi stansiyalarının sayı çoxdur. Mingəçevir elektrik stansiyasının Azərbaycanın ümumi enerji təminatında payı 15 faiz təşkil edir. Biz Azərbaycan xalqını işıqsız qoymayacağıq. Sayı 20 minə çatan Azərbaycan energetikləri bu gün Ali Baş Komandanın bütün göstərişlərini yerinə yetirməyə tam hazırdır”.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.