SİYASƏT
BAK NİDERLAND JURNALİSTLƏR İTTİFAQINA VƏ TELEKANALA BAŞSAĞLIĞI MƏKTUBU GÖNDƏRMİŞDİR
Amsterdamda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) və onun mətbu orqanı “Azərbaycan Benilüks NWS” qəzeti adından niderlandlı teleoperator Stan Storimanın Gürcüstanın Qori şəhərində faciəli şəkildə həlak olması ilə əlaqədar Niderland Jurnalistlər İttifaqına və mərhumun çalışdığı RTL NWS TV kanalına başsağlığı məktubu göndərilmişdir.
BAK-ın mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, qurumun sədri Sahil Qasımovun və qəzetin baş redaktoru Tale Həsənovun imzaladıqları məktubda deyilir ki, Benilüks ölkələrində yaşayan azərbaycanlıların tarixi vətəni Azərbaycan da uzun illərdir separatizmdən əziyyət çəkir. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, bir milyondan artıq azərbaycanlı dədə-baba yurdundan didərgin düşərək, qaçqın və məcbiri köçkün həyatı sürür.
Məktubda bildirilir ki, Azərbaycan diasporu hər cür terrorçuluğun və separatizmin bütün təzahürlərini, işğalçılıq siyasətini qətiyyətlə pisləyir.
Niderlandda yaşayan azərbaycanlılar peşə borcunu yerinə yetirərkən həlak olmuş operatorun ailəsinə, çalışdığı kanalın və Niderland Jurnalistlər İttifaqının rəhbərliyinə dərin hüznlə başsağlığı verirlər.